DSX-nin struktur qurumlarının əməkdaşlarının bilik səviyyəsi artırılır
Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarının sənədlərlə iş və tenderlərin təşkili üzrə əməkdaşlarının bilik səviyyəsinin artırılması, onların nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat mərkəzindən bildirilib.
Bildirilib ki, 2023-cü ilin perspektiv iş planına əsasən noyabrın 14-də DSX Akademiyasında Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrinin sənədlərlə iş sahəsi üzrə çalışan əməkdaşları, noyabrın 15-də Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Xidmətin struktur qurumlarının tender komissiyalarının üzvləri ilə iki günlük təlim toplantıları keçirilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çıxış edənlər torpaqlarımızın işğaldan azad olunmasını və dövlət başçısının 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb. Həmin ərazilərdə yeni hərbi infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması, sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın vacibliyini qeyd ediblər.
DSX-nin struktur qurumlarının tender komissiyaları üzvlərinin təlim toplantısında Dövlət Sərhəd Xidmətin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərləri, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri, Daxili nəzarət və audit şöbəsinin müdiri, Xidmətin struktur qurumlarının tender komissiyalarının üzvləri, Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin və Maliyyə-Plan İdarəsinin şöbə rəisləri iştirak ediblər.
Tədbir iştirakçılarına 2023-cü il üzrə və Dövlət Sərhəd Xidmətinin tələbatına uyğun olaraq 223 lot üzrə müsabiqənin elan edilməsi, 219 lot üzrə açıq tenderin, 4 lot üzrə təkliflər sorğusunun keçirilməsi, 223 ədəd əsas şərtlər toplusunun hazırlanması və 136 ədəd müqavilənin bağlanılması barədə məlumatlar verilib, gələcək fəaliyyətin təşkili ilə bağlı “Elektron satınalma prosedurları”nın vahid internet portalına keçirilməsi zamanı şəffaflığın artırılması məqsədi ilə kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanıb, tender komissiyası üzvləri və satınalma mütəxəssisləri ilə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu barədə nəzəri və praktiki məşğələlər keçirilib.
Təlim toplantılarında fəaliyyət istiqamətləri üzrə məruzələr, müraciət və təkliflər dinlənilib.
Sonda hərbi qulluqçulara xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
DSX Akademiyasında ucaldılmış Dahi Öndər Heydər Əliyevin və “Dəmir Yumruq” abidələrinin önündə xatirə şəkli çəkdirilib.