DÜNYA AZƏRBAYCANLI ZİYALILARININ I FORUMU KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, forumdan məqsəd ümummilli əhəmiyyət daşıyan və böyük ideoloji məna kəsb edən diaspor quruculuğu işinin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakı yollarını müəyyənləşdirmək, onları milli maraqlarımızın müdafiəsi uğrunda daha sıx birləşdirməkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan görkəmli azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin, yazıçı və şairlərin, tanınmış alimlərin iştirak edəcəyi forumda Azərbaycan mədəni irsinin təbliği istiqamətində diaspor təşkilatlarının görə biləcəyi işlərin başlıca istiqamətlərinə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının II qurultayındakı nitqindən irəli gələn vəzifələri, habelə qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyələri nəzərə alaraq, Dünya azərbaycanlı ziyalılarının l forumu ilə eyni vaxtda Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı məsələləri müzakirə etməkdən ötrü konfrans keçirilməsi də nəzərdə tutulur. Dövlət Komitəsi konfransın keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərlərinə müraciət etmişdir. Onlar konfransın keçirilməsi təşəbbüsünü bəyəndiklərini bildirmişlər. Konfransda Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı məsələlər müzakirə olunacaq, işçi qrupu yaradılacaq və tərəflər arasında müvafiq razılaşma protokolu imzalanacaqdır. Konfrans başa çatdıqdan sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının toplantısının keçirilməsi planlaşdırılır. Toplantıda TADF-nin qarşısında duran vəzifələr, təşkilatın fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qaldırılması ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
Hər üç tədbir iyun ayının 4-dən 10-dək Türkiyənin Antalya vilayətində keçiriləcəkdir.