İQTİSADİYYAT
DÜNYA BAZARLARINDA NEFTİN QİYMƏTİ ARTIR
İTAR-TASS-ın verdiyi xəbərə görə, çərşənbə günü Londonun Beynəlxalq Neft Birjasında hərracın yekunlarına görə, neftin bir barrelinin qiyməti 24,43 dollar, Nyu-York birjasında isə daha yüksək - 26,94 dollar olmuşdur.
Neftə tələbatın artması Corc Buşun belə bir bəbyanatı ilə də bağlıdır ki, əgər Səddam Hüseyn BMT-nin müfəttişləri ilə əməkdaşlıq etməsə, onda o, “ən ciddi nəticələrlə” üzləşəcəkdir. Bazar ABŞ prezidentinin mövqeyini “həddindən artıq sərt” mövqe kimi qiymətləndirir. Məlumatlı mənbələrə görə əgər İraq dekabrın 8-dək kütləvi qırğın silahlarının olub-olmaması barədə “müfəssəl” məlumat təqdim etməsə, yaxud düzgün olmayan məlumat versə, onda ABŞ dərhal hərbi əməliyyatlara başlaya bilər. Çərşənbə günü OPEK-in baş katibi Alvaro Kalderon da bu təhlükəni dolayısı ilə təsdiq etmiş və bildirmişdir ki, kartel İraqda müharibə ucbatından əmələ gələ biləcək hər hansı neft qıtlığını aradan qaldıracaqdır.
Neftin qiyməti Amerika Neft İnstitutunun ABŞ-da yanacaq ehtiyatlarına dair həftəlik məlumatları fonunda da artır. Bu məlumatlarda əsas göstəricilərin aşağı düşdüyü qeydə alınmışdır, halbuki, onların artımı gözlənilirdi. Məsələn, xam neft ehtiyatları 189 min barrel azalmışdır, ekspertlər isə onun 2,5 milyon barrel artacağını güman edirdilər. Benzin ehtiyatlarının 1 milyon barrel artacağı gözlənildiyi halda, o, 134 min barrel aşağı düşmüşdür. Distillyator ehtiyatları 299 min barrel azalmışdır. Karteldə nizam-intizamın yüksəldilməsinin zəruriliyi barədə OPEK rəhbərliyinin bəyanatları da neftin qiymətinin artmasına təsir göstərir.