Dünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş mərasim keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Dünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yol qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirmişdir ki, anım mərasimi yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi məqsədi ilə idarənin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin birgə fəaliyyət planına uyğun keçirilir. Tədbirin məqsədi yol-nəqliyyat hadisələrində həlak olanların xatirəsini yad etmək, həm də qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərmək, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək və təbliğat işinin səmərəli təşkilidir.
Yaxınlarını yol qəzalarında itirməyin ağır olduğunu deyən Milli Məclisin deputatı Elmira Axundova demişdir ki, piyadalar bəzən piyada keçidlərindən istifadə etmirlər və bunun da nəticəsində belə ağır hadisələr baş verir. Milli Məclisdə yol hərəkəti ilə əlaqədar qanuna daim dəyişikliklər edilir.
Çıxış edənlər tədbirin əhəmiyyətindən danışmış, əsas diqqətin təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə etmiş və hamını qanunlara riayət etməyə çağırmışlar.
Uşaqlar da mövzu ilə bağlı təəssüratlarını bildirmiş, şeirlər söyləmişlər.
Yol qəza qurbanlarının yaxınları çıxış edərək faciənin ağırlığını iştirakçıların diqqətinə çatdırmışlar.
Mərasimdə müəllimlər, uşaqlar, valideynlər Yol Qəzaları Qurbanlarının Xatirəsinə həsr olunmuş stendlərə, qəzalar zamanı əzilmiş maşınların fotosərgisinə baxmışlar.
Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai, Binəqədi, Suraxanı rayonlarının məktəblərindən və Bakı Slavyan Universitetinin məktəb lisey kompleksindən 100-dən çox uşaq iştirak etmişdir.