AZƏRTAC xəbər verir ki, bu fikir Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəvəti ilə ölkəmnizdə səfərdə olan Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və İsveç gənclər təşkilatlarının nümayəndələri ilə avqustun 15-də keçirdiyi görüşdə xüsusi vurğulanmışdır. Valeh Ələsgərov demişdir ki, bu gün dünyada gedən qloballaşma prosesində gənclərin rolu böyükdür. Ona görə də onların problemlərinin həllinə xüsusi diqqət yetirilməli, müxtəlif ölkələrin gənclər təşkilatları arasında əlaqələr inkişaf etdirilməlidir. Bu baxımdan da müxtəlif ölkələrdən olan gənclərin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, gənclər daha geniş əlaqələr qurmalı, dünyada baş verən proseslərə münasibət bildirməlidirlər. Azərbaycanda gənclərə xüsusi dövlət qayğısı göstərilir. Onların fəaliyyətini tənzimləyən qanunlar qəbul edilir, Dövlət proqramı həyata keçirilir. Bu gün Milli Məclisdə bir neçə gənc deputat vardır və onlardan biri Gənclər Təşkilatları Milli Şurasının sədridir.
Sonra Valeh Ələsgərov Milli Məclisin beynəlxalq münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafındakı rolu, gənc deputatların bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Ukrayna, İsveç və Moldova gənclər təşkilatlarının nümayəndələri ətraflı məlumata və Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişlər. Bildirmişlər ki, Azərbaycana səfərdən məqsəd azərbaycanlı həmkarlarla əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaqdır.
Qonaqlar onları maraqlandıran məsələlər barəsində suallar vermişlər. Milli Məclisin sədr müavini qonaqları maraqlandıran sualları cavablandırmış, tövsiyələrini vermişdir.
Görüşdə Milli Məclisin deputatları Fuad Muradov (Gənclər Təşkilatları Milli Şurasının sədri) və Aydın Abbasov iştirak etmişlər.