Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Buna görə də ölkəmiz mötəbər beynəlxalq tədbirlərin əsas ünvanlarından biridir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həll yolları axtarılır. Bu baxımdan ötən həftə ölkəmizdə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu beynəlxalq müzakirə platforması hesab oluna bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin önəmli beynəlxalq platforma olduğunu qeyd edən Milli Məclisin deputatı mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumuna ildən-ilə marağın artdığını bildirib: “Budəfəki tədbirin də qonaqları arasında dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri vardı. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev XII Qlobal Forumun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə edib.
“44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli yurd yerlərimizi azad etdi. İşğal müddətində Ermənistan tərəfindən bəşəri dəyərlər, beynəlxalq konvensiyalar heçə sayılaraq xalqımızın çoxəsrlik maddi mədəni mirasına qarşı vandalizm, talançılıq siyasəti həyata keçirilib. Onlar işğal dövründə ərazilərimizdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar, tarixi, mədəni və dini abidələrimizi məhv ediblər. İşğaldan azad olunmuş ərazilərimizdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən dağıdılıb, xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib. Dövlətimizin başçısının dediyi kimi, biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Ötən qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsinin, əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”, - deyə o bildirib.