CƏMİYYƏT
Düşmənin “qələbə simvolu”nun Hərbi Qənimətlər Parkında nümayişi böyük Zəfərin nəticəsidir





Bakı, 27 sentyabr, AZƏRTAC
Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə erməni işğalçılarının “qələbə” simvolunun Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilməsi və orada nümayişi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə veteran tankçılar, qazilər, Bakıda yaşayan yəhudi dini icmasının nümayəndələri, məktəblilər və başqa qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, düşmənin nümayiş olunan 442 nömrəli tankı 1992-ci ildə işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub. “Erməni Qaqik Avşaryanın idarə etdiyi bu tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış T-72 nömrəli bu tank rənglənərək Şuşaya tuşlanmış vəziyyətdə Şuşa-Xankəndi yolunda abidə kimi quraşdırılmışdı. Bu gün 31 ildən sonra düşmənin “qələbə” rəmzi artıq Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur.
O da qeyd olunub ki, Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra texnika oradan götürülüb.
Bildirilib ki, 1992-ci ildə ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağa könüllü yollanıb və Şuşa uğrunda döyüşlərdə şəhid olub.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov və Milli Qəhrəman Albert Aqarunovun döyüş yoldaşları tədbirdə çıxış edərək Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan düşmənin “qələbə simvolu”nun Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında yerləşdirilərək nümayiş olunmasını böyük Zəfərin nəticəsi olduğunu bildiriblər.