ECOSAİ–NİN İDARƏ HEYƏTİNİN 9–CU SESSİYASI VƏ FÖVQƏLADƏ ASSAMBLEYASI KEÇİRİLMİŞDİR
Bu mötəbər beynəlxalq tədbirdə ölkəmiz Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cəfər Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sesiyada təşkilatın Katibliyinin 1999-2003–cü illərdəki maliyyə fəaliyyətinin auditinin nəticələri də müzakirə olunmuşdur. Tehranda keçirilən ötən sessiyada Katibliyin hesablarının auditi Azərbaycan və Qırğızıstan Hesablama Palatalarına tapşırılmışdı.
Azərbaycan tərəfindən bu vəzifə Cəfər Həsənova həvalə edilmiş və o, auditin nəticələri barədə hesabatı sessiyaya təqdim etmişdir. Geniş müzakirələrdən sonra hesabat yekdilliklə qəbul edilərək təsdiq olunmuşdur.
İclasda növbəti sessiyanın 2005-ci ilin aprel-may aylarında Bakıda keçirilməsi qərara alınmışdır.
ECOSAİ-nin Fövqəladə Assambleyasında təşkilatın ötən müddətdəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilmişdir.
ECOSAİ–nin Nizamnaməsinə əlavələr edilməsi məsələsi də müzakirə olunmuşdur.
Fövqəladə Assambleyada Türkiyənin Ali Maliyyə Nəzarəti orqanının başçısı Mehmet Damar ECOSAİ-nin prezidenti seçilmişdir.