Əczaçılar xəstəyə dərman tövsiyə edə, onları müalicəyə yönləndirə bilərmi?
Bakı, 31 mart, AZƏRTAC
Səhhətində narahatlıq yaranan bir sıra insanlar şikayətlərindən xilas olmaq üçün bəzən ixtisaslaşmış həkim əvəzinə əczaçıya müraciət edir. Nəticədə, əczaçılar hiss olunan simptomlara görə, bəzi dərmanları qəbul etməyi tövsiyə edirlər. İxtisasca əczaçı olsalar da, bu səlahiyyət onlara xəstəni müalicə etmək hüququnu vermir. Bəs əczaçı bu addımına görə hansı məsuliyyətləri daşıyır?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü İntiqam Hacıyev AZƏRTAC-a deyib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, vətəndaşlara göstərilən tibbi-sosial yardım dövlət təminatı altındadır. Vətəndaşların keyfiyyətli tibbi yardım almaq hüququna və bu hüququn qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə görə qanun və dövlət təminatı verilir.
“Bu təminatla bağlı hüquqi və fiziki şəxslərin qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyəti müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.

Vəkil bildirib ki, əczaçılıq fəaliyyəti üzrə sertifikasiyadan keçmiş və ya bu fəaliyyət sahəsi üzrə ixtisaslaşmış şəxslərin müalicəyə yönləndirmək, dərman preparatlarından istifadəyə dair tövsiyə vermək, tibbi məsləhət vermək və s. şəkildə qanunsuz tibbi fəaliyyətlə məşğul olmaq hüquqları mövcud deyil.
“Qeyd olunan qanunsuz tibbi fəaliyyətlər lisenziyadan kənar fəaliyyət hesab olunduğundan, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə, əsasən, sözügedən fəaliyyətlərin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”,- deyə vəkil fikrini tamamlayıb.