ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonağı səmimi salamlayan nazir, ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığı qeyd edərək, Azərbaycanda demokratikləşmə prosesinin geniş vüsət alması, iqtisadiyyatın sürətli inkişafı, eləcə də məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. O, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən söz açaraq, hakim vəzifələrinə namizədlərin seçimində ən müasir üsulların tətbiq edildiyini, tam demokratik və şəffaf şəraitdə test imtahanlarının keçirildiyini bildirmişdir.
Səfir Artur Lenk ixtisasca hüquqşünas olduğu üçün Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərdiyini bildirərək, hakimliyə namizədlərlə keçirilmiş imtahanları yüksək qiymətləndirmiş, bu mütərəqqi təcrübənin beynəlxalq əhəmiyyətini vurğulamışdır. Səfir, eyni zamanda, dövlətlərimiz arasında hüquqi sahədə əməkdaşlıq imkanlarını qeyd edərək, bu sahədə müqavilə bazası yaradılmasının əhəmiyyətini vurğulamışdır.
Görüşdə hər iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin inkişafı perspektivləri müzakirə edilmiş və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.