MƏDƏNİYYƏT
Əhməd Qurbanov: Bu il daxili turizmdə daha çox canlanma müşahidə edəcəyik
Bakı, 3 iyun, AZƏRTAC
2020-ci ilin əvvəllərindən dünyanı təhdid altında saxlayan COVID-19 pandemiyası qısa bir zamanda turizm sektorunu iflic vəziyyətinə saldı. 2021-ci ildən başlayaraq müəyyən yumşalamalar baş verdi. Cari ildə isə quru sərhədlər bağlı olsa da hazırda 70-ə yaxın ölkə ilə hava sərhədlərimiz açıqdır.
Bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov AZƏRTAC-a açıqlamasında deyib.
“Hazırda turistlərin mübadiləsi baş verir. Demək olar ki, postpandemiya dövrünü yaşayırıq. Pandemiya dövründə apardığımız müşahidələr zamanı gördük ki, insanlar daxili turizmdən yararlanmağa daha çox üstünlük verirlər. Bu da daxili turizmdə yaranan boşluqların öyrənilməsinə imkan yaratdı. Otellər, ictimai iaşə obyektləri öz çatışmayan cəhətlərini effektiv şəkildə həll etdilər ki, turistləri yaxşı qarşılaya bilsinlər”,- deyə Əhməd Qurbanov bildirib.
Artıq yay sezonunun başlandığını söyləyən Əhməd Qurbanov apardığı müşahidələr zamanı diqqəti daxili turizmə çəkib: “Biz görürük ki, xaricə gedən insanlarla yanaşı, bölgələrdə yaşayan vətəndaşlar da istirahət etməyə üstünlük verirlər. Bu səbəbdən də bu il daxili turizmdə daha çox canlanma müşahidə edəcəyik. Monitorinqlər zamanı da görürük ki, otellərdə doluluq həftə sonlarında maksimuma çatır. İnsanlar daha çox fərqli bölgələrə getməyə üstünlük verirlər”.