EKOLOGİYA PROBLEMLƏRİ XÜSUSİ DİQQƏT TƏLƏB EDİR
AzərTAC xəbər verir ki, nazirliyin təşkilat bölməsinin rəhbəri Ramiz Rzayev kompleks tədbirlər planları barədə məlumatla çıxış etmişdir. O vurğulamışdır ki, hazırda ölkəmizin ekoloji problemləri diqqət mərkəzindədir, özü də onların əksəriyyəti Abşeron yarımadası ilə bağlıdır. Əhalinin 40 faizinin və sənaye potensialının 70 faizinin cəmləşdiyi bu ərazi (222 min hektar) respublikanın ekoloji baxımdan ən gərgin bölgəsidir. Yararsız torpaqların, yəni üst qatı aşınmış, hərçənd çirklənməyə məruz qalmamış, lakin buna baxmayaraq, təbii imkanlarını itirmiş təxminən 30 min hektarı buradadır.
Abşeron yarımadasının digər problemi sənaye və məişət çirkabından yaranan və onun çirkləndirdiyi göllərdir. Ümumi sahəsi 3325 hektar olan təxminən 800 su hövzəsindən 200-ü nisbətən iridir. Hər il milyonlarla kubmetr çirkab və lay suları bu göllərə tökülür.
R.Rzayev demişdir ki, belə məsələlər əvvəllər ayrı-ayrı nazirliklər tərəfindən həll edilirdisə, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə hazırda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə sıx əlaqədar, kompleks şəkildə məşğul olacaqlar ki, bu da, ümumi rəyə görə, istənilən nəticələri verməlidir.
İnsanın normal həyatını təmin edən amillərdən biri onun sağlamlığının, ekoloji vəziyyətin və ətraf mühitin mühafizəsi amilidir. Hazırda bu mühüm sahədə vəziyyəti yaxşılaşdırmaq üçün hər cür, o cümlədən maddi imkanlarımız var.