EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN KOLLEGİYASINDA FƏALİYYƏT PLANI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir Hüseynqulu Bağırov iclası açaraq bildirmişdir ki, Prezident İlham Əliyev ölkə ekoloqları qarşısında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində genişmiqyaslı vəzifələr qoymuşdur. Bununla əlaqədar, nazirlikdə Abşeron yarımadasında təbiətin mühafizəsinə, ərazinin bərk tullantılardan təmizlənməsinə, içməli su üzrə milli planın birinci mərhələsinə dair layihələr hazırlanmışdır. Əvvəlki illərdə olduğu kimi, 2004-cü ildə də ölkənin meşə örtüyünün bərpası işləri davam etdiriləcəkdir.
Kollegiyada nazirliyin müxtəlif struktur rəhbərlərinin hesabatları dinlənilmişdir. Bildirilmişdir ki, Milli Geologiya Xidmətinin mütəxəssisləri ötən il ərzində 79 obyektdə axtarış və kəşfiyyat işləri aparmışlar. Qiymətli metal yataqları, o cümlədən Daşkəsən rayonunda Cənubi Qafqazda ən iri qızıl yatağı tapılmışdır. 8721 hektar sahədə meşə zolaqları bərpa edilmişdir. Nazirliyin regional şöbələri, balıqyetişdirmə idarəsi, ətraf mühitin mühafizəsi və təbii sərvətlər üzrə Dövlət Nəzarət Müfəttişliyi təbiəti mühafizə qanunvericiliyinin pozulmasına dair 2379 iş üzrə 578 milyon 451 min manat məbləğində cərimə təyin etmişlər.
Sonra geoloji kəşfiyyat, meşələrin bərpası və balıqyetişdirmə sahələrində istehsalat planları, nazirliyin kollegiyası haqqında Əsasnamə, kollegiyanın 2004-cü il üçün fəaliyyət proqramı təsdiq olunmuşdur.
Hidrometeorologiya, geoloji kəşfiyyat və meşələrin bərpası sahələrində fərqlənmiş ən yaxşı mütəxəssislərə nazirliyin fəxri fərmanları verilmişdir.