Ekoloji Şuranın iclası keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə səmərəliliyin təmin olunması məqsədi ilə ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şuranın sədri, nazir Hüseynqulu Bağırov iclası açdıqdan sonra gündəlikdə duran 4 məsələnin müzakirəsinə başlanılmışdır.
Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov “Mingəçevir-Mingəçevir Stansiyası (dəmiryolu)”-Bəhramtəpə yolu üzrə hazırlanmış layihənin məqsədi, əsas texniki göstəriciləri, mühafizə zolağının hüdudları və ətraf mühitin mühafizəsi ilə bağlı nəzərdə tutulan məsələlərdən danışmışdır.
Yolun çəkilişi ilə əlaqədar həlli vacib olan ekoloji tələblər barədə təkliflər irəli sürülmüşdür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı AzDTN 2.7-2 “Yaşayış binaları” sənəd layihəsinin əsas prioritet istiqamətləri barədə şura üzvlərinə məlumat verilmişdir. Sənəd layihəsində təhlükəsiz yaşayış üçün əsas tələblərin təmin olunduğu nəzərə alınmış, təkliflərin ümumiləşdirilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması qərara alınmışdır.
“İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması” məsələsi də müzakirə edilmişdir. Monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunmuşdur.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair verilmiş təkliflərlə əlaqədar nəzərə alınmayan məqamlara yenidən baxılması qərara alınmışdır.
İclasda QHT nümayəndələri də məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürmüş, fikir mübadiləsi aparmışlar.