Ekspert: 2025-ci ildə tikinti və şəhərsalma sahəsində rəqəmsal nəzarət mexanizmləri genişləndirilib
Bakı, 29 dekabr, AZƏRTAC
2025-ci il Azərbaycan üçün tikinti və şəhərsalma sahəsində keçid və möhkəmlənmə ili oldu. Son illərdə aparılan islahatlar, dövlət nəzarətinin gücləndirilməsi və regional inkişaf siyasəti bu sahədə irəliləyişləri və mövcud çətinlikləri açıq şəkildə göstərdi.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı tikinti üzrə ekspert Anar Qurbanov deyib.
Onun sözlərinə görə, il ərzində tikinti sektoruna yönəldilən dövlət investisiyalarının həcmi təxminən 6–7 milyard manat təşkil edib ki, bunun da əhəmiyyətli hissəsi azad edilmiş ərazilərin bərpasına yönəldilib. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, yol və kommunal infrastrukturun qurulması, eləcə də məktəb, xəstəxana və digər sosial obyektlərin tikintisi sektorda əsas aktivliyi təmin edib.
“Mənzil tikintisi sahəsində bazar aktivliyi qorunsa da, əvvəlki illərlə müqayisədə daha ciddi nəzarət və tənzimləmə müşahidə olunub. 2025-ci ildə tikinti və şəhərsalma sahəsində rəqəmsal nəzarət mexanizmləri genişləndirilib. Yeni Baş planın tələbləri və icazə mexanizmlərinin sərtləşdirilməsi qeyri-qanuni tikililərin azalmasına və layihə keyfiyyətinin artmasına səbəb olub. Mənzil qiymətlərinin artımı isə əsasən materialların bahalaşması və torpaq sahələrinin məhdudluğu ilə bağlı idi. 2025-ci il ərzində tikinti materiallarının qiymətlərində orta hesabla 10–15 faiz artım qeydə alınıb ki, bu da yeni layihələrin maya dəyərinə birbaşa təsir göstərib”, - deyə ekspert vurğulayıb.
Ekspert qeyd edib ki, cari il tikinti sektoru üçün nə böhran, nə də sürətli artım ilidir: “Bu dövr daha çox bazarın sağlamlaşdırıldığı, qaydaların gücləndirildiyi və uzunmüddətli inkişaf üçün möhkəm əsasların qoyulduğu il kimi yadda qaldı. Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi isə milli memarlıq irsinin qorunmasına, müasir şəhərsalma yanaşmalarının tətbiqinə, azad edilmiş ərazilərdə yeni şəhərlərin qurulmasına, paytaxt və regionların tarazlı inkişafına, eləcə də beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.