SİYASƏT
Ekspert: Azərbaycan Prezidentinin mesajları həm yerli, həm də xarici auditoriyaya ünvanlanıb
![Ekspert: Azərbaycan Prezidentinin mesajları həm yerli, həm də xarici auditoriyaya ünvanlanıb](/files/2023/1/1200x630/16735265194698231237_1200x630.jpg)
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə Prezident İlham Əliyevin milli, transsərhəd və transmilli KİV-lərlə təmasları kontekstində növbəti addım kimi də qiymətləndirilə bilər. Bu müsahibə göstərdi ki, dövlətimizin başçısının KİV-lərə münasibəti xüsusi məzmunludur. Ölkə Prezidenti 2020-ci ildə, 44 günlük Vətən müharibəsi dönəmində yerli, transsərhəd və transmilli KİV-lərə 30-dan artıq müsahibələr verib. Çoxsaylı mətbuat konfransları və brifinqlər keçirib. Bu görüşlərdə jurnalistlərə qarşı sərgilədiyi səmimi münasibətlə, səsləndirdiyi tutarlı arqumentlər bütün dünyada xüsusi diqqət çəkib. Bənzər fəaliyyət 2021 və 2022-ci illərdə də davam etdirilib. Dövlətimizin başçısı 2021-ci ildə transsərhəd və transmilli KİV-lərə təqribən 11 müsahibə verib. Yerli KİV-lərə müsahibələr intensiv xarakterli olub. 2021-ci ildə “Anadolu” agentliyinə, “France 24” televiziyasına, İspaniyanın EFE informasiya agentliyinə, İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibələr ciddi diqqət çəkərək, qlobal siyasi mərkəzlərdə müzakirə mövzusuna çevrilib.
Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
Müşfiq Ələsgərli deyib: “Diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin yanvarın 10-da jurnalistlərlə baş tutan görüşü, eyni formatda 2022-ci il yanvarın 12-də də keçirilib. İlin ilk iş günlərində jurnalistlərlə görüşmək və bu görüşlərdə açıq mesajlar vermək ənənəyə çevrilib. Sonradan il boyu bu təmaslar davam etdirilir, həm milli, həm də transsərhəd KİV-ləri əhatə edir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin KİV-lərlə açıq təmasları mövsümi xarakter daşımır, ötücü-keçici amillərlə bağlı deyil. Münasibətlər davamlıdır, açıqdır, səmimi və interaktivdir. KİV-lərə xüsusi münasibət, canlı təmaslar, vasitəsiz görüşlər Azərbaycan hakimiyyətinin iş üslubudur. Bu görüşdə diqqət çəkən daha bir nüans var. Dövlətimizin başçısı öz müsahibələrində jurnalistikanın müasir trendlərinə istinad edir, “data jurnalistika”nın üstünlüklərindən faydalanır”.
Media eksperti vurğulayıb ki, yaşadığımız dövrdə hadisələrin intensivliyi, informasiya bolluğu xəbərin təqdimat formalarını məcburən dəyişdirir, yeni standartlar tətbiq edilir. Təkcə xəbər standartları deyil, müsahibə janrı da yenilənir. İndi uzun-uzadı, vaxt aparan formatlardan imtina olunur, faktlara, rəqəmlərə əsaslanan lakonik cavablara üstünlük verilir. Bu mənada “data jurnalistika”nın üstünlükləri çoxdur. O, hər hansı bir mövzu üzrə araşdırma aparan jurnalistləri iri həcmli, şərh və mülahizələrlə dolu materiallar hazırlamaq, materialı oxunaqlı hala gətirmək üçün estetik detallarla uğraşmaq yükündən azad edir. Əsas qayğı mövzu üzrə istinad ediləcək mənbəni müəyyənləşdirmək, mənbə ilə əlaqə qurmaq, zəruri olan statistik məlumatları toplamaq və auditoriyaya təqdim etməkdir. Təqdim edilmiş rəqəmlərin müqayisəsindən nəticə çıxarmaq oxucunun öhdəsinə buraxılır. Yəni, jurnalist öz enerjisini hekayə qurmağa deyil, real faktlar, rəqəmlər toplamağa yönəltməklə auditoriyaya daha çox məlumat çatdırmış, daha çox fayda vermiş olur. Prezident İlham Əliyev jurnalistikanın müasir trendlərini dərindən əks etməklə, həm jurnalistlərin işini yüngülləşdirir, həm auditoriya üçün cəlbedici olur, həm də siyasi mərkəzlərə lazım olan mesajları çatdıra bilir. İstənilən mövzu üzrə mövcud olan arqumentləri, statistik rəqəmləri məntiqi ardıcıllıqla uzlaşdırır, onları özünün şərhləri və mülahizələri ilə daha da qüvvətləndirir. “Data jurnalistika” standartları üzərində təqdim edilən müsahibələri Prezident İlham Əliyevin yeni bacarıqlarını da nümayiş etdirmiş olur.
Dövlətimizin başçısının müsahibəsində diqqət çəkən mühüm məqamlardan birinin də səsləndirdiyi mesajlar olduğunu qeyd edən Müşfiq Ələsgərli deyib: “Bu mesajlar həm yerli, həm də xarici auditoriyaya ünvanlanıb. Görüş zamanı Azərbaycanın sosial, iqtisadi, siyasi, hərbi vəziyyəti təhlil edilərək vətəndaşları maraqlandıran suallara aydınlıq gətirildi. Təkcə aydınlıq deyil, həm də rahatlıq gətirdi. Bəlli oldu ki, Azərbaycanın postneft dövründə də öz iqtisadiyyatını yaşatmaq, inkişaf etdirmək üçün potensialı mövcuddur. Xüsusilə alternativ, bərpa olunan enerji mənbələri, beynəlxalq nəqliyyat marşrutları, enerji dəhlizləri müstəvisində ölkəmizin potensialı yüksəkdir. Prezident İlham Əliyev ölkənin bu potensialını gerçək gəlir mənbəyinə çevirə bilən planlara malikdir”.
“Prezident İlham Əliyevin müsahibəsi zamanı açıqladığı planlar, proqramlar vətəndaşda məmnunluq yaratdı. Dövlətimizin başçısının hərbi imkanlar, təhlükəsizlik mövzularında təhlilləri, planları da eyni məzmunludur. Müsahibə zamanı səsləndirilən arqumentlər sübut etdi ki, Azərbaycanın gələcəyi parlaq olacaq. Prezidentin səmimi, arqumentli şəkildə səsləndirdiyi bu fikirlər inandırıcıdır, insanlarda məmnunluq yaradır”, - deyə media eksperti vurğulayıb.