Ekspert: Azərbaycan-Qırğızıstan arasında təhsil əlaqələri ortaq dəyərlər üzərində yeni məzmun qazanır
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan və Qırğızıstan arasında tarixi-mədəni və mənəvi bağlar son illərdə elm və təhsil sahəsində özünü daha aydın göstərir. İki ölkənin ali təhsil müəssisələri arasında qurulan əlaqələr tələbə və müəllim mübadiləsindən birgə elmi tədqiqatlara, beynəlxalq tədbirlərdən ikili diplom proqramlarına qədər genişlənir.
Bu barədə AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətlərində təhsil əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri bu əlaqələrin yalnız institusional deyil, həm də ortaq tarixi və mənəvi dəyərlər üzərində qurulmasıdır. “Manas” dastanı və Çingiz Aytmatovun yaradıcılığı iki xalqın ortaq mənəvi yaddaşının mühüm nümunələridir. Bu irsin universitetlərdə qarşılıqlı öyrənilməsi və elmi tədqiqi Azərbaycan-Qırğızıstan akademik əlaqələrinə xüsusi məzmun verir. 2024-cü il aprelin 24-də Azərbaycan və Qırğızıstan arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Saziş universitetlər arasında birbaşa əlaqələrin yaradılmasını, müəllim və alimlərin mübadiləsini, təcrübə mübadiləsini və birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.
Ekspert diqqətə çatdırıb ki, saziş çərçivəsində iki ölkənin qarşı tərəfin vətəndaşları üçün bakalavriat səviyyəsində ildə 5 təhsil yeri ayırması da tələbə mübadiləsinin inkişafı baxımından mühüm imkan yaradır.
Xüsusilə ikili diplom proqramlarının yaradılması əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu ilin fevralında Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramına dair müqavilənin imzalanmasını mühüm addım kimi qiymətləndirən ekspert qeyd edib ki, belə proqramlar tələbələrə iki ölkənin akademik imkanlarından yararlanmaq şəraiti yaradır.
Müsahibimiz əlavə edib ki, elm sahəsində əməkdaşlığın genişləndirilməsi də böyük potensiala malikdir. Azərbaycan və Qırğızıstan alimlərinin “Manas” dastanı, Çingiz Aytmatov yaradıcılığı, ortaq tarix və milli-mənəvi dəyərlər üzrə birgə araşdırmalar aparması iki xalqın ümumi irsinin daha dərindən öyrənilməsinə imkan verir.
“Əslində, təhsil sahəsində qurulan hər bir yeni əlaqə yalnız universitetlər arasında münasibət demək deyil. Bu, Azərbaycan və Qırğızıstan gənclərinin bir-birini daha yaxından tanıması, ortaq dəyərləri öyrənməsi və gələcəkdə iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Qarşıdakı dövrdə tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi layihələrin artırılması, yeni ikili diplom proqramlarının yaradılması və universitetlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycan-Qırğızıstan təhsil tərəfdaşlığının əsas istiqamətləri olacaq”,- deyə Məzahir Məmmədli fikrini yerkunlaşdırıb.
Müxbir - Nərmin Muradzadə