Ekspert: Yaxınmüddətli perspektivdə yeni iqtisadi idarəetmə siyasətinin formalaşmasına ehtiyac var
Bakı, 13 mart, AZƏRTAC
Nazirlər Kabinetində keçirilən müşavirədə Azərbaycanda iqtisadi vəziyyətin inkişafının dünya bazarında baş verən proseslərin fonunda hansı istiqamətlər üzrə gedəcəyi ilə bağlı proqnozlar verilib, təhlillər aparılıb. Hesab edirəm ki, müasir iqtisadi vəziyyətlə bağlı mütəmadi müşavirələr keçirilməli, dayanıqlı inkişaf strategiyasına keçidlə, yeni iqtisadi çağırışlara yeni iqtisadi siyasətlə reaksiya verilməsi ilə bağlı kompleksli və sistemli qərarlar qəbul edilməlidir.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.
“Düşünürəm ki, ilk növbədə, bu qərarlar investisiya axınlarının artırılması ilə bank sektorundakı vəziyyətin iqtisadi inkişafa xidmət etməsi, eləcə də valyuta bazarında yarana biləcək hansısa problemləri indidən qabaqlaması, pul-kredit siyasətinin həyata keçirilməsində adekvat tədbirlərin görülməsi ilə bağlı olmalıdır. Valyuta bazarında möhtəkir siyasətin aradan qaldırılması, manatın investisiya valyutasına çevrilməsi və pul kütləsində xüsusi çəkisinin artırılması vasitəsilə milli valyutanın qorunması, xarici valyutaya tələbin azalması üçün preventiv tədbirlərin keçirilməsi kimi məsələlər ön planda olmalıdır. Nəzərə almaq lazımdır ki, Maliyyə Sabitliyi Şurası da iclas keçirib. Bütün bu toplantıların məqsədi xarici şoklar şəraitində, bütövlükdə yeni dünya iqtisadiyyatında gözlənilən böhran dalğası fonunda ölkə iqtisadiyyatının sabitliyinin və inkişafının təminat bazasının yaradılması və bu inkişafa uyğun müvafiq strategiyanın həyata keçirilməsindən ibarət olmalıdır. Yəni yaxınmüddətli perspektivdə keyfiyyətcə yeni iqtisadi idarəetmə siyasətinin formalaşmasına ciddi ehtiyac var. Hesab edirəm ki, məhz müasir çağırışlara uyğun şəkildə iqtisadiyyatın dayanıqlılığına və qabaqlayıcı inkişafına xidmət edən yeni iqtisadi siyasətin formalaşmasında həm hökumətin iqtisadi blokunun, həm də Mərkəzi Bankın müsbət qərarları və siyasəti olacaq”.