“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görülüb
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhaca BAMF-ın fəxri mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ömrünün 7 ilini Quantanamo həbsxanasında ağır məhbus həyatı yaşamış “Əl-Cəzirə”nin əfsanəvi jurnalisti Sami Əlhaca bu mükafat BAMF ilə “Əl-Cəzirə” Media Şəbəkəsi arasındakı çoxillik əməkdaşlığın inkişafına və regiondan obyektiv informasiyanın beynəlxalq miqyasda yayılmasına göstərdiyi xüsusi xidmətlərinə görə təqdim olunub. Fəxri mükafatı BAMF-ın prezidenti Umud Mirzəyev təqdim edib.
Məlum olduğu kimi, 2019-cu ildə BAMF “Əl-Cəzirə” ilə birlikdə Azərbaycan haqqında 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olub. Qarabağın azadlığı uğrunda 44 günlük müharibə zamanı “Əl-Cəzirə” media heyətini müşayiət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında iştirak edib. Həmçinin düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb.