Elçin Cəfərov: Nəticə gözlədiyimiz güləşçilər ümidləri doğrultdular
Bakı, 16 yanvar, AZƏRTAC
“Yunan-Roma güləşçilərinin çıxışından razı qaldım. Çox yaxşı mübarizə apardılar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Elçin Cəfərov yunan-Roma güləşi üzrə yığmanın Xorvatiyada keçirilmiş “Zaqreb Open” turnirindəki çıxışını şərh edərkən deyib.
Bu növdə iki idmançının müxtəlif çəkilərdə qızıl medal qazandığını xatırladan mütəxəssis digər güləşçilərin də sonadək mübarizə apardığını bildirib: “Sənan Süleymanov (77 kiloqramda) və Ülvü Qənizadə ( 72 kiloqramda) qızıl, Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxdılar. Nəticə gözlədiyimiz güləşçilər ümidləri doğruldaraq bizi sevindirdilər. Təəssüf ki, iki idmançı zədə səbəbindən yarışdan kənarda qaldı. Daha yaxşı çıxış edə bilərdik. Ancaq ilin ilk yarışı olduğu üçün nəticəni uğurlu saymaq olar”.
Sərbəst güləşçilərin fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilməmələrinə də toxunan federasiya nümayəndəsi onların qarşıdakı Avropa çempionatında uğurlu nəticələr qazanacağına ümid etdiyini söyləyib: “Sərbəst güləşçilərin çıxışı barədə komandanın məşqçiləri danışsalar, daha yaxşı olar. Bu yarışda Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) kimi idmançılar iştirak etmədilər. Onlar fevral ayında keçiriləcək Avropa çempionatına hazırlaşırlar”.
Qeyd edək ki, Azərbaycan güləşçiləri reytinq turnirini ümumilikdə 2 qızıl, 5 bürünc medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yığma 2 qızıl, 1 bürünc medalla komanda hesabında çempion olub.