Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb
Bakı, 27 mart, AZƏRTAC
Yanvar-fevral aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,3 faiz artım müşahidə edilib. Sənaye məhsulunun 4,9 faizi məhz bu sektorda istehsal olunub.
İki ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 12,1 faiz artaraq 49,4 milyon manat olub. Sənaye məhsulunun 0,7 faizi həmin sektorda istehsal edilib.
Fevralda əvvəlki ayla müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətlərində dəyişiklik baş verməyib.
Martın 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.