ƏLİ BAYRAMLIDA TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIĞI İLƏ İNTENSİV SURƏTDƏ ARADAN QALDIRILIR
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən hadisə yerində olan Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev yaranmış problemin aradan qaldırılması üçün konkret göstərişlər vermişlər.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmrinə əsasən nazirliyin mülki müdafiə qoşunlarının 300 nəfər xilasediçisindən ibarət şəxsi heyəti, iri su nasosları və digər avadanlıq, 100-dən çox çadır və isti örtüklər, rezin qayıqlar, tibb ləvazimatı, Yanğın Təhlükəsizliyi Xidmətinin Bakı, Əli Bayramlı və ətraf rayonlardakı yanğın texnikası və şəxsi heyəti hadisə yerinə gətirilmişdir. Həmin qüvvələrin və yerli icra orqanlarının qüvvəsi ilə təbii fəlakətin nəticələri sürətlə aradan qaldırılır. Nazirliyin yaratdığı xüsusi komissiya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlamışdır. “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin yerli qurumlarının səyi nəticəsində şəhərə elektrik, qaz və su verilməsi məsələsi saat 18 radələrində öz həllini tapmışdır.