Elmar Məmmədyarov: Azərbaycan sabitlik və təhlükəsizliyin təmin olunmasında Əfqanıstanın yanındadır
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan sabitlik və təhlükəsizliyin təmin olunmasında Əfqanıstanın yanındadır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb. “Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiqdir. Bu xüsusda, mən qətiyyətlə bir daha vurğulayıram ki, Azərbaycan 2016-ci il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun İnam Fonduna müvafiq əhəmiyyətli ianə edib və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb”, - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalır. Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra Azərbaycan inkişaf etmiş davamlı tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə verdiyi töhfə yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır. “Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək yolunun əhəmiyyətli hissəsi olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək”, - deyə nazir diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov səfər çərçivəsində Türkiyə, Almaniya, Çexiya xarici işlər nazirləri və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşlər keçirib.