Elmi məqalələrin beynəlxalq indeksli jurnallarda nəşrinə dair master-klas
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda növbəti master-klas keçirilib.
Tədbirdə UNEC-in əməkdaşları, doktorant və tədqiqatçıları ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların nümayəndələri də iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin məruzəçisi UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Polşanın Vistula Universitetinin tədqiqatçısı dosent Şəhriyar Muxtarov nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb. Ş.Muxtarov bildirib ki, elmi məqalələrin hazırlanması və nüfuzlu elmi jurnallara təqdim olunması müəyyən qaydalara əsaslanır ki, bu da elmi əsərin ciddi məntiqi plan üzrə yazılmasını zəruri edir. Elmi məqalələrin strukturu və məzmunu, dili və üslubuna dair tələblərdən danışan məruzəçi bildirib ki, hətta ən mükəmməl tədqiqat işi belə tələblərə uyğun hazırlanmazsa, onun beynəlxalq indeksli jurnallarda nəşr olunması qeyri-mümkün ola bilər.
Sonda suallar cavablandırılıb.