ƏMƏKDAR RƏSSAM TAHİR MƏMMƏDOVUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONSERT
Konsert başlanmazdan əvvəl yubiley iştirakçıları filarmoniyanın foyesində T.Məmmədovun əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. T.Məmmədov demişdir ki, 35 illik yaradıcılıq yolu keçmişəm. Bir rəssam kimi yağlı boya janrı ilə tanınmışam. Son vaxtlar isə bədii foto ilə məşğul oluram. Hazırda Rəssamlıq Akademiyasında fotoqrafiyadan dərs deyirəm. Amerikada, Fransada, Almaniyada, Türkiyədə keçirilən Beynəlxalq müsabiqələrdə qalib gəlmişəm.
Konsertin birinci hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev) çıxış etmişdir. Orkestrin və əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Murad Adıgözəlzadənin, vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Dinarə Əliyevanın, ifaçıların Respublika müsabiqəsi laureatı Riad Məmmədovun, Moskva Dövlət Akademik Böyük Teatrının artisti Ruslan Məmmədovun, xalq artisti, rəqqasə Təranə Muradovanın çıxışları hərarətlə qarşılanmışdır. İkinci hissədə isə caz musiqiçiləri Rain Sultanov, Emil İbrahim, Şahin Növrəsli və Cəmil Əmirovun rəhbərliyi ilə “Savab” qrupu çıxış etmişdir. Proqramda Haydn, Stradella, Hendel, Mendel, Gerşvin, Qara Qarayev, Səid Rüstəmov və Vaqif Mustafazadənin əsərləri səslənmişdir.