“Enerjinin toplanması və çevrilməsi üçün materiallar” adlı beynəlxalq simpozium gələn il Bakıda keçiriləcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən müəssisənin baş direktoru akademik Dilqəm Tağıyev gündəlikdə olan məsələləri diqqətə çatdırıb. O, 2015-ci ildən başlayaraq hər il dünya səviyyəli “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” adlı beynəlxalq simpoziumun bir il Türkiyədə, digər ildə isə dünyanın müxtəlif ölkələrində keçirildiyini qeyd edib. Dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin dəvət olunacağı “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” adlı 8-ci beynəlxalq simpoziumun növbəti dəfə 2024-cü il sentyabrın 9-dan 12-dək Bakıda keçiriləcəyinin nəzərdə tutulduğunu söyləyən alim bildirib ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi diqqətəlayiq hadisədir. D.Tağıyev qeyd edib ki, bu nüfuzlu tədbirin təşkilatçısı Kataliz və Qeyri-üzvi Kimya İnstitutu olacaq.
Elektrokimya laboratoriyasının müdiri professor Akif Əliyev simpoziumun əhəmiyyəti haqqında məlumat verib.
İclasda diqqətə çatdırılıb ki, 2023-cü ilin qəbul planına əsasən, institutun fəlsəfə doktorluğu hazırlığı üzrə keçirilmiş imtahanlardan yüksək bal toplamış 8 nəfərdən 6-sı doktoranturaya, 2-si dissertanturaya qəbul olunub.