ƏNVƏR ƏLİBƏYLİNİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Teatrın direktoru Arif Qazıyev gecəni həyatdan vaxtsız getmiş, vətənpərvər və nəğməkar şair Ənvər Əlibəyli haqqında giriş sözü ilə açmışdır. Toplaşanlar şairin səsi yazılmış lent yazısına qulaq asmışlar. Xalq artistləri, bəstəkar Ramiz Mustafayev, Habil Əliyev, Qara Tağızadə, yazıçılar Əlibala Hacızadə, İntiqam Qasımzadə, şair Vahid Əziz və başqaları tanınmış şair, nəcib insan Ə.Əlibəylinin həyat və yaradıcılığından söz açmış, xatirələrini söyləmişlər.
1950-60-cı illərdə şairin qələmə aldığı şeirlərə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Rauf Hacıyev, İbrahim Topçubaşov və başqalarının yazdığı və dillər əzbəri olmuş, indi də sevilə-sevilə oxunan “Sevgilim”, “Mənim ilk məhəbbətim”, “Söz olmasaydı”, “Məhəbbət”, “Zübeydə”, “Anacan”, “Bulaq üstə gedən gözəl” və s. mahnılar yenidən səslənmişdir. Bu mahnıları xalq artistləri İlhamə Quliyeva, Aygün Bayramova, əməkdar artistlər Yaqut Abdullayeva, Azərin, müğənnilər Samir Piriyev, Rəhilə Baxışova, Zeynəb Behbudova, “Xalq” kvarteti və başqaları ifa etmişlər. Aktyorlar şairin şeirləri əsasında hazırlanmış kompozisiyaları təqdim etmiş və “Sevgilim” mahnısına çəkilmiş klip göstərilmişdir.
Xatirə gecəsinin sonunda şairin qızı Şəfəq Əlibəyli ailələri adından təşkilatçılara, incəsənət xadimlərinə, müğənnilərə və toplaşanlara minnətdarlığını bildirmişdir.