Ermənilər bizi dəyişdirəndə əsirlərin çoxunu xərəkdə gətirmişdilər
Bakı, 26 fevral, Leyla Qurbanova, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümünü böyük sarsıntı hissi ilə qeyd edirik. İyirmi yeddi il əvvəl ermənilər ağlasığmayan qəddarlıqla xocalılılara divan tutdular. Xocalı soyqırımı xalqımızın köksündə sağalmaz yaraya çevrilib. Həmin gecə şəhidlər verdik. Dil açmayan körpələrimizi ermənilər qətlə yetirdilər. Şəhidlərimizin çoxunun məzarı yoxdur. İtkin düşənlər barədə indiyə qədər məlumatlı deyilik. O müdhiş gecədə oğlum Cavanın taleyi də naməlum qaldı. Bir müddət sonra eşitdim ki, Əsgəranda əsir olub. Onu ermənilər aparanda deyiblər ki, başını kəsməyə aparırıq (kövrəlir). Tez-tez “Ana harayı” abidəsinə sığınıb şəhidlərimizə, düşmən tapdağı altında qalan yurdumuza ağlayırıq. Dünya birliyi bu amansız soyqırımına hələ də biganədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini, şəhid anası Gülayə Orucova deyib.
O, özünün və digər ailə üzvlərinin həmin müdhiş gecədə sağ qaldıqlarını möcüzə adlandırıb: “Ermənilərə əsir düşməmək üçün qızım və 2 yaşlı əkiz nəvələrimlə meşədən imdad diləyirdik. Qarlı çöllərlə gedir, düşmən mühasirəsindən çıxmağa çalışırdıq. Əldən düşən körpələr daha ağlamırdılar. Hərdən elə bilirdik ki, onlar artıq ölüblər. Qızım mənə uşaqlardan birinin donduğunu deyəndə, bir anlıq düşündüm ki, onsuz da hamımız burada öləcəyik. Paltomu soyunub uşağı bükdüm. Bir neçə saatdan sonra dirildi. Dörd gecə meşədə gəzib dolaşdıqdan sonra ermənilər bizi tutdular. Üç gün Naxçıvanikin Pircamal kəndində erməni əsirliyində olduq. Ermənilər hər gün uşaq, xəstə, qoca demədən insanları bir-bir xüsusi qəddarlıqla qətlə yetirirdilər. Bizi dəyişdirəndə insanların çoxunu xərəkdə gətirmişdilər. Yoldaşımı və kürəkənimi o qədər döymüşdülər ki, onlar tanınmaz hala düşmüşdülər. Onları da xərəkdə gətirib dəyişdilər”.
Gülayə Orucova Xocalının düşmən tapdağından tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirərək deyib: “Azərbaycan güclü dövlətdir. Ermənistanla müqayisə olunmayacaq dərəcədə qüdrətlidir. Ölkəmizin dünyada nüfuzu getdikcə artır. Biz şəhid analarının dağ boyda dərdi var. Biz ölkəmizə, dövlətimizə arxalanırıq”.