Ermənistan Avropa Parlamentindən daha bir sillə almışdır
Bakı, 24 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Avropa Parlamentinin Strasburqda plenar iclasında “Şərq tərəfdaşlığı siyasəti və tərəfdaşlığın gücləndirilməsi haqqında” qətnamə qəbul edilmişdir. Qətnamədə xüsusi qeyd edilir ki, “Şərq tərəfdaşlığı” dövlətlərindən birinin digər dövlətin ərazilərini işğal etməsi “Şərq tərəfdaşlığı”nın əsas prinsip və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun 2009-cu il iyulun 10-da Akvildə birgə bəyanatda təsbit edilmiş prinsiplərinə müvafiq olmalıdır”.
Qətnamədə “Gömrük İttifaqına tərəfdar olduğunu bəyan etmiş Ermənistan prezidentinin sonuncu addımı” barədə təəssüf bildirilmişdir. Bununla da Avropa Parlamenti vurğulamışdır ki, prezident Serj Sarkisyan həmin qərarı ölkə ictimaiyyətinin rəyi nəzərə alınmadan təkbaşına qəbul etmişdir. Elə həmin paraqrafda vurğulanır ki, “həm bu, həm də o” formulu mümkün deyildir. “(Avropa Parlamenti) xatırladır ki, belə siyasət Assosiativ Sazişlə bir araya sığmır” .
Rəsmi Yerevanın infuzoriya və əmöblər üzrə mütəxəssis, diplomatiya sahəsində “şnobel mükafatı” laureatı Şavarş Köçəryanın şəxsində özünün növbəti diplomatik rüsvayçılığına necə bir izah tapacağını isə yalnız təxmin etmək qalır. Ermənistan XİN-in podratçısı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin guya Azərbaycandan çox Ermənistana ünvanlanması və bütün bu illər ərzində ona Yerevan tərəfindən deyil, Bakı tərəfindən etinasızlıq göstərilməsi barədə cəfəng traktofkanın müəllifi, istefada olan Rusiya diplomatı Vladimir Kazimirovun yanında pullu məsləhətləşmələri də ona kömək etməmişdir. Vladimir Nikolayeviçin istefadan sonra vaxtı çoxdur. Onda qoy izah etsin: nə üçün erməni lobbiçiləri Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi sənədin mətnindən BMT Təhlükəsizlik Şurasının bu dörd “antiazərbaycan” qətnaməsinin xatırlanmasını istisna etmək üçün son həftə bu qədər canfəşanlıq etmişlər və deputatların əksəriyyəti bu səyləri rədd edəndə yaman pərt olmuşlar.