Ermənistan bu cür təxribatlara əl atmaqla özünə daha ciddi problem yaradır
Bakı, 13 iyul, AZƏRTAC
Ermənistan növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərinə hücuma keçməyə cəhd göstərib. Bu Ermənistanın artıq ənənə halı almış daha bir təxribatıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir bildirib. Dərnək sədri qeyd edib ki, bu gün Ermənistan həm beynəlxalq müstəvidə, həm də daxili məsələlərdə çıxılmaz və çətin vəziyyətə düşüb. Bu səbəbdən son vaxtlar baş verən hadisələr, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlar Ermənistanı ciddi şəkildə narahat edir.
Y.Daşdəmir əlavə edib ki, Ermənistan bu cür təxribatlara əl atmaqla özünə daha ciddi problem yaradır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən məğlub edilib, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan tərəfi məruz qaldığı itkiləri gizlətməyə çalışsa da, sosial şəbəkələrdən əldə olunan məlumatlar xeyli sayda canlı qüvvə və hərbi texnikanın məhv edildiyini göstərir. Bu da Ermənistan hakimiyyətinə qarşı yeni etiraz dalğasının artmasına səbəb olur. Dərnək sədri qeyd edib ki, Ermənistanın növbəti təxribatı da baş tutmadı, növbəti uğursuzluğa düçar oldu, Azərbaycan əsgəri düşmənin layiqli cavabını verib onu yerinə oturtdu.
“Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həyatlarını fəda edən bütün şəhidlərimizin ailələrinə, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Hər zaman Azərbaycan dövlətinin və qardaşlarımızın yanında olduğumuzu bildiririk”, - deyə Yalçın Daşdəmir vurğulayıb.