Ermənistan özünün işğalçılıq siyasəti və faşist ideologiyası ucbatından beynəlxalq müstəvidə tamamilə təcrid olunub
Bakı, 5 noyabr, Səadət Hakıyeva, AZƏRTAC
Otuz illik nəticəsiz danışıqlardan sonra 1 aydan artıq davam edən uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan 30 il işğal altında qalan ərazilərinin böyük hissəsini azad etdi. Bizim mübarizəmiz haqq mübarizəsidir, biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edirik. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun azad edilməsinin aktiv mərhələsindəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
Deputat bildirib ki, düşməndən fərqli olaraq, Azərbaycanın mövqeyi sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ermənistanın destruktiv mövqeyinin ən ali sübutu beynəlxalq vasitəçilər ilə 3 dəfə elan edilmiş humanitar atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istəməsidir. Düşünürəm ki, mövcud vəziyyətdə sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas baza prinsiplərinin qalan hissəsinin icrasına əsaslanmalıdır.
Deputat bildirib ki, dövlətimizin başçısı İspaniyanın EFE agentliyinə müsahibəsində bu məsələlərə toxundu. Dövlətimizin başçısı Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edənlərə də tutarlı cavab verdi. Bizi sübutsuz şəkildə ittiham etməyə çalışanlar nə üçün faktlara əsasən Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər? Ermənistan tərəfi münaqişəni beynəlmiləlləşdirmək istəyindən əl çəkməlidir, bunun üçün heç bir əsas yoxdur. Azərbaycan vətəndaşlarının, düşmən tərəfindən amansızcasına hədəfə alınan dinc əhalinin təhlükəsizliyini təmin etmək və əməliyyatın daha səmərəli olması üçün ermənilərin mühüm hərbi obyektləri vurulmalı idi.
Jalə Əhmədova vurğulayıb ki, Ermənistan hakimiyyəti 30 ildir yürütdüyü işğalçılıq siyasəti və faşist ideologiyası ucbatından beynəlxalq siyasi müstəvidə tamamilə təcrid olunub. Azərbaycan dəfələrlə Ermənistana müxtəlif həll yolları təklif etsə də, qarşı tərəf bunu qəbul etmədi. Məhz ona görə də düşmən bu gün döyüş meydanında ən ağır cəzasını alır.