Əsgərlər bizim təcili tibbi yardım maşınlarına güllə atırdılar
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 19-dan 20-nə keçən gecə mən təcili tibbi yardım stansiyasında növbətçi idim və orada baş verən bütün hadisələri gözlərimlə görmüşəm. Həmin günləri yaddan çıxarmaq qeyri-mümkündür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yasamal rayonu 4 nömrəli təcili tibbi yardım stansiyasının kollektivi ilə birlikdə Şəhidlər xiyabanını ziyarətə gələn və 30 ildir ki, stansiyada tibb işçisi işləyən Firuzə Həmzəyeva demişdir.
F.Həmzəyeva bildirmişdir ki, bizim stansiya həmin günlər keçmiş “Salyanski kazarma” deyilən yerin yanında idi. Ona görə də həmin hadisələr ən çox bizim stansiyanın yaxınlığında baş verirdi, yaralıların çoxu da bizim stansiyaya gətirilirdi. Həmin hadisələr baş verəndə, biz bir həftə stansiyada qaldıq və xəstələri qəbul etdiyimiz üçün evə gedə bilmədik. Çünki vəziyyət çox gərgin idi. Həm küçələrdə yaralılara kömək edirdik, həm evlərə gedirdik.
Tibb işçisi həmin hadisələri xatırlayaraq demişdir ki, biz xəstəxanaya təcili tibbi yardım maşını ilə xəstə apardığımız zaman silahlı əsgərlər bizim maşınları saxlayıb axtarırdılar. Həmin əsgərlər hazırlıqlı gəlmişdilər. Bizə qarşı onların nifrəti aydın hiss olunurdu. Həmin əsgərlər bizə qarşı özlərini elə aparırdılar ki, elə bil biz xalq düşməniyik. Ancaq biz heç vaxt gözləmirdik ki, əsgərlər, həmin silahlı adamlar təcili tibbi yardım maşınına da güllə ata bilərlər. Ona görə də qorxmadan 20 Yanvar hadisələri zamanı xəsarət almış şəxslərə yardım etməyə gedirdik. Ancaq buna baxmayaraq, əsgərlər bizim təcili tibbi yardım avtomobillərinə də güllə atırdılar. Yaralılara kömək göstərməyə bizə imkan vermirdilər.
20 Yanvar şəhidləri həmişə bizim ürəyimizdədir. Onlara ehtiramımız böyükdür. Çünki onlar Vətən yolunda şəhid olmuşlar.