İDMAN
Eşitmə qüsurlu idmançıların Yay Oyunlarında Azərbaycanı boulinqçi Anton Qonçarov təmsil edir
![Eşitmə qüsurlu idmançıların Yay Oyunlarında Azərbaycanı boulinqçi Anton Qonçarov təmsil edir](/files/2023/2/1200x630/16903775781998529276_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki “Ufa-arena” universal idman arenasında eşitmə qüsurlu idmançıların Yay Oyunlarının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Başqırdıstan Respublikasının başçısı Radi Xabirov, Rusiyanın idman naziri Oleq Matıtsin və Eşitmə Qüsurluların Ümumrusiya İdman Federasiyasının prezidenti Dmitri Rebrov eşitmə qüsurlu idmançıların Yay Oyunlarının iştirakçıları və qonaqları qarşısında çıxış ediblər.
Rusiyanın idman naziri Oleq Matıtsin çıxışında vurğulayıb ki, idmanın əhəmiyyətini və həyatın qiymətini bilən eşitmə qüsurlu idmançılar üçün belə yarışların təşkili həmişə olduğundan daha vacibdir.
Başqırdıstan Respublikasının başçısı Radi Xabirov qeyd edib ki, belə irimiqyaslı yarışlara ev sahibliyi etmək onun rəhbərlik etdiyi respublika üçün böyük şərəfdir. O, idmançılar üçün yaradılan şəraitdən, yüksək təşkilatçılıq standartlarından bəhs edib.
Açılış mərasimində eşitmə qüsurlu idmançıların Yay Oyunları iştirakçılarının bayraq paradı olub. Oyunların rəsmi bayrağının təqdimatında adlı-sanlı idmançılar, eşitmə qüsurlu idmançıların Yay Oyunlarının qalibləri, mükafatçıları və iştirakçıları iştirak ediblər.
“Biz birlikdəyik. İdman” devizi altında keçirilən eşitmə qüsurlu idmançıların Yay Oyunları iyulun 23-də start götürüb və avqustun 2-də başa çatacaq. Yarışlar Ufa şəhərinin 18 idman meydançasında keçirilir. Oyunlarda dünyanın 30 ölkəsindən idmançılar iştirak edirlər.
Oyunların proqramına 21 idman növü - badminton, basketbol, boulinq, velosiped idmanı və s. daxildir. Azərbaycanı yarışlarda boulinqçi Anton Qonçarov təmsil edir.