Estoniya Rusiya ilə sərhədi keçmək qaydalarını sərtləşdirməyi planlaşdırır
Bakı, 19 iyul, AZƏRTAC
Estoniya Maliyyə Nazirliyi hökumətə Rusiya ilə sərhədi keçmə qaydalarını daha da sərtləşdirmək planını göndərib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Estoniya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Cənub-Şərqi Estoniyanın avtomobil sərhəd-keçid məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və malların yalnız gündüz saatlarında keçirilməsi mümkün olacaq”, - deyə məlumatda bildirilir.
Təklifə əsasən, Koidulada (Kuniçina-Qoranın Rusiya tərəfində) sərhəd-keçid məntəqəsi səhər saat 5-dən axşam saat 22-dək açıq olacaq, malların gömrük rəsmiləşdirilməsi isə səhər saat 7-dən axşam 19-dək mümkün olacaq. Dəyişiklik Koiduladakı dəmir yolu keçid məntəqəsinə təsir etməyəcək.
Luhamaa keçid məntəqəsinin (Şumilkinonun Rusiya tərəfində) səhər saat 7-dən axşam 19-dək açıq qalması təklif edilir. Amma piyadalar üçün tamamilə bağlı olacaq.
Məhdudiyyətlər sanksiya tətbiq edilən mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.
“Sərhəd keçid məntəqələrində iş rejiminə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi münasibətlərin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiya siyasətindən irəli gəlir”, - deyə maliyyə naziri Mart Vorklaev bildirib.