Estoniyada azərbaycanlıların “Birlik” icması 20 Yanvar qurbanlarının xatirəsini anıb
Bakı, 20 yanvar, AZƏRTAC
Estoniyanın Tallin şəhərindəki Azərbaycan bazar günü məktəbində 20 Yanvar faciəsinin qurbanlarının anım tədbiri keçirilib. Estoniyadakı azərbaycanlıların “Birlik” icması həmin qanlı gecədə həlak olanların xatirəsini dərin hörmətlə yad edib.
AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan bazar günü məktəbinin rəhbəri Sənəm Əli açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Son anda” sənədli filmi nümayiş etdirilib. Tədbir filmin müzakirəsi ilə davam edib. İştirakçılar, həmçinin Qanlı Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüblər.
Sənəm Əli AZƏRTAC-a verdiyi müsahibədə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
O vurğulayıb: “Fikrimcə, ölkəmizin faciəli hadisələrini xaricdə anmaq üçün tədbirlər keçirmək çox vacibdir. Bu, xüsusilə gənc nəsil üçün zəruridir, çünki gənclər öz tarixini bilməli və ona hörmət etməlidirlər. Uşaqlar öz qəhrəmanlarını tanımalıdırlar. Bir müəllim kimi inanıram ki, şagirdlər bu tədbirlərdə mənsub olduqları ölkə haqqında ətraflı məlumat əldə edirlər. Məşhur bir deyim var: “Tarix unudulduqda, təkrarlanır”... Buna görə də bazar günü məktəbimiz ana dilimizə, mədəniyyətimizə və tariximizə çox həssasdır”.