“ƏXLAQIN FORMALAŞMASINDA İSLAM DİNİNİN ROLU” MÖVZUSUNDA “DƏYİRMİ MASA”
Bakı, 19 sentyabr (AZƏRTAC). Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Əxlaqın formalaşmasında İslam dininin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə idarənin rəisi Vüqar Mürsəlov vurğulamışdır ki, bu toplantının müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında keçirilməsi böyük əhəmiyyət kəsb edir. Hər bir azərbaycanlı öz dinini sevməli və ona hörmət etməlidir. Müqəddəs İslam dinində əxlaq mövzusuna çox böyük yer verilmiş, yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsində, adət və ənənələrimizin qorunub saxlanılmasında bu dinin böyük rolu olmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pərvanə Kazımzadə məlumat vermişdir ki, rayonun ərazisində 6 islam və 1 xristian icması fəaliyyət göstərir. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dini tolerantlıq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dini mərkəzlər bərpa və təmir olunaraq dindarların istifadəsinə verilir. Onlardan ikisi - Bibiheybət və İçərişəhərdəki “Cümə” məscidləri məhz Səbail rayonunda yerləşir.
“Cümə məscidi” dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli, “Gileyli məscidi” dini icmasının sədri, məscidin axundu hacı Mirhəmid Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasının müdiri, professor Məmməd Məmmədov və başqaları çıxış etmişlər.
Tədbirin sonunda tarixçi alimlər və din xadimləri gənclərin çoxsaylı suallarını cavablandırmışlar.