“EYOF 2019”: Fransanın oğlan həndbolçuları B qrupunda birinci yeri tutublar
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarının üçüncü günündə oğlanların mübarizəsində B qrupunda paralel keçən qarşılaşmalarda İslandiya və Xorvatiya, digər oyunda isə Fransa və Sloveniya komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, B qrupunda Xorvatiya yığması İslandiya millisindən üstün olub - 24:21. Digər oyunda Fransa həndbolçuları Sloveniya təmsilçilərini 30:29 hesabı ilə məğlubiyyətə uğradıblar.
Oğlanların yarışının B qrupunda üç oyundan 4 xal toplayan Fransa seçməsi birinci olub. Xorvatiya və İslandiyanın 3, Sloveniyanın isə 2 xalı var.
Xatırladaq ki, qızların yarışında B qrupunda Azərbaycanın həndbolçu qızları çexiyalı rəqiblərinə 17:33 hesabı ilə məğlub olublar. Macarıstan millisi isə İsveçrə yığmasını 28:20 hesabı ilə məğlubiyyətə uğradaraq ardıcıl üçüncü qələbəsini qazanıb.
Beləliklə, aktivində 6 xal olan Macarıstan seçməsi B qrupunu birinci sırada başa vurub. İsveçrə 4 xalla ikinci, Çexiya isə 2 xalla üçüncüdür. Hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrupda sonuncu pillədə qərarlaşıblar.
Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.