FAO qlobal su probleminin həlli ilə bağlı ölkələrə müraciət edib
Bakı, 13 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, FAO kənd təsərrüfatı ehtiyacları və insanların ərzaq təminatı baxımından Qlobal Su Gündəliyinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
FAO-nun baş direktorunun müavini Maria Helena Semedo Pekində keçirilən 18-ci Ümumdünya Su Konqresinin açılışında çıxışı zamanı deyib: “Kənd təsərrüfatında səmərəliliyi artırmaq, mənfi təsirləri azaltmaq və tullantı sularından təkrar istifadə etməklə qlobal su böhranının həlli həm də ərzaq təhlükəsizliyinə və Dayanıqlı İnkişaf 2030 Gündəliyinin məqsədlərinə nail olunmasında mühüm amillərdir”. O əlavə edib ki, hazırda şirin sudan istifadənin 70 faizindən çoxu kənd təsərrüfatının payına düşür və azalan resurslar, iqlim dəyişikliyi səbəbindən vəziyyət getdikcə pisləşir.
FAO BMT-nin 2023-cü il Su Konfransının qərarlarına, habelə Qlobal Su Fəaliyyəti Gündəliyinə sadiqdir və bu həyat mənbəyinin hamı üçün əlçatan olması istiqamətində yeni proqramlar həyata keçirir. Bu, eyni zamanda, biomüxtəlifliyin qorunması baxımından da əhəmiyyətlidir.
Keçən ilin dekabrında qəbul edilən COP15 Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi təbiətlə harmoniyada yaşayan bəşəriyyət üçün iddialı bir vizyonu müəyyən edən əlamətdar sazişdir. M.Semedo qeyd edib ki, su ilə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, biomüxtəliflik arasında əlaqə yaradılması Çərçivənin mühüm tərkib hissəsidir. O vurğulayıb ki, ekosistemə əsaslanan həllər və təbii ehtiyatların davamlı idarə olunması əsas amillərdir. Kənd təsərrüfatı, balıqçılıq üçün yaşıl və mavi infrastruktura üstünlük vermək suyun keyfiyyətini artıra, biomüxtəlifliyi qoruya və kənd təsərrüfatı sistemləri üçün digər faydalar təmin edə bilər. “Bizə inklüziv və davamlı planlaşdırma, maliyyələşdirmə, idarəetmə və icranı təmin etmək üçün hökumətlər, beynəlxalq təşkilatlar, elm adamları, tədqiqat institutları, yerli icmalar və özəl sektor arasında əməkdaşlıq çərçivələri lazımdır”, -deyə M.Semedo vurğulayıb.