Fariz İsmayılzadə: Mədəni diplomatiya Azərbaycan ilə Misir arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir
Bakı, 8 iyul, AZƏRTAC
Sərgidə azərbaycanlı rəssamların qədim Misir sivilizasiyasından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlər nümayiş olunur. Ekspozisiya Misirin zəngin tarixi və mədəni irsini əks etdirməklə yanaşı, mədəniyyətlərarası dialoqun təşviqinə də xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan ilə Misir arasında münasibətlər, xüsusilə mədəni əməkdaşlıq uğurla inkişaf edir. Bu baxımdan sərgi mədəni diplomatiyanın əhəmiyyətini nümayiş etdirən, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verən mühüm təşəbbüsdür.
“Sərgidə 80-ə yaxın əsər təqdim olunur. Burada tələbələrin fəal iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Onlar bu layihə vasitəsilə Misirin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı qazanırlar. Universitetimizin əsas məqsədlərindən biri Azərbaycanın beynəlxalq əlaqələrinin və diplomatik əməkdaşlığının inkişafına töhfə verməkdir. Bu prosesdə mədəniyyət mühüm rol oynayır və belə layihələr ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir”, – deyə prorektor əlavə edib.