Festivalın voleybol yarışlarının yarımfinal oyununda Rusiya və Türkiyə milliləri qarşılaşırlar
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarının dördüncü günündə yarımfinal oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında ilk oyunda Rusiya və Türkiyə milliləri finala vəsiqə qazanmaq uğrunda qarşılaşırlar.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə Ukrayna və Belarus komandaları 5-8-ci yerlər uğrunda meydana çıxıblar.
Ümumiyyətlə, voleybol yarışının dördüncü günündə oğlanlardan və qızlardan ibarət komandalar arasında səkkiz görüş oynanılacaq.
Voleybol üzrə qızların mübarizəsində üçüncü oyunda İtaliya və Rumıniya seçmələri yarımfinala vəsiqə qazanmağa çalışacaqlar. Dördüncü matçda Almaniya və Bolqarıstan yığmaları isə 5-ci və 8-ci yer uğrunda görüşəcəklər.
Günortadan sonra oğlanların mübarizəsində ilk oyunda Rusiya və Belçika voleybolçuları yarımfinala yüksəlmək üçün mübarizə aparacaqlar. Növbəti matç 5-8-ci yerlər uğrunda Almaniya və Çexiya milliləri arasında olacaq. Digər görüş İtaliya və Belarus seçmələri arasında yarımfinala vəsiqə üçün oynanılacaq. Sonuncu görüşdə Azərbaycan voleybolçuları 5-8-ci yerlər uğrunda Bolqarıstan yığmasını sınağa çəkəcəklər.
Xatırladaq ki, qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda yarışları FHN-in İdman-Sağlamlıq Mərkəzində olacaq.
Festivalın voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.