FƏTH HƏRƏKATI FƏLƏSTİNDƏ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR KEÇİRMƏYƏ ÇAĞIRIR
FƏTH tədqiqatlar mərkəzinin aylıq təhlil xarakterli məruzəsində deyilir: “Biz yenidən xalqın rəyini soruşmalıyıq. Milli birlik ideyası nüfuzdan salındıqdan sonra bu, yeganə çıxış yoludur”. Məruzəyə görə, bu, hakim HƏMAS İslam müqaviməti hərəkatı təşkilatının siyasəti üzündən baş vermişdir. FƏTH-in təhlilçilərinin fikrincə, HƏMAS Fələstin xalqının məişət və humanitar problemləri ilə maraqlanmır, blokadanın götürülməsi və Fələstin ərazilərinin ayrılması üçün heç nə etmir. Nə qədər ki indiki Nazirlər Kabineti fəaliyyət göstərir, milli birlik hökumətinin formalaşdırılması layihəsinin həyata keçirilməsi mümkün olmayacaqdır.
Builki parlament seçkilərində qəti qələbə qazanan HƏMAS hökuməti birpartiyalı əsasda formalaşdırılmışdır. Digər Fələstin hərəkatlarının, o cümlədən FƏTH-in nümayəndələri siyasi proqramla bağlı fikir ayrılığı üzündən hökumətin formalaşdırılmasında iştirak etməmişlər.
HƏMAS hökuməti fəaliyyətinin əvvəlindən maliyyə böhranı ilə üzləşmişdir. Bu, Avropa İttifaqı, ABŞ və İsrail FMM-in hesabına vəsait köçürülməsini dayandırdıqdan sonra baş vermişdir. Fələstin hökumətinin dövlət qulluqçuları və güc qurumları əməkdaşlarının əmək haqqını ödəməyə imkanı çatmırdı. Bu, Fələstin ərazilərində kütləvi tətillərə və nümayişlərə səbəb olmuşdu.
Geniş koalisiya əsasında yeni hökumət yaradılmasına dair FƏTH ilə HƏMAS arasında danışıqlar düyünə düşmüşdür. Hər iki tərəf bir-birini əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməməkdə təqsirləndirir.