AZƏRTAC-ın Səhiyyə Nazirliyindən aldığı xəbərdə deyilir ki, fevralın 1-dən ölkənin apteklərində dərman preparatları nazirliyin holoqramı ilə təchiz edilmiş şəkildə satılacaqdır. Nazirlik bu tədbiri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident Fərmanından irəli gələn vəzifələrə uyğun olaraq həyata keçirir. Fərmanda əhalinin sağlamlığını qorumaq məqsədi ilə yüksək keyfiyyətli məhsul və dərman ləvazimatının istehsalını və idxalını təmin edən tədbirlərin (keyfiyyətə nəzarətin maddi-texniki bazasının gücləndirilməsi də daxil olmaqla) hazırlanıb həyata keçirilməsinin zəruriliyi vurğulanır. Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirmişdir ki, bütün bu preparatlar nazirliyin mərkəzi nəzarət laboratoriyasında yoxlanılacaqdır. Holoqramların hazırlanmasına dair müsabiqədə Kanadanın “Kadeks” firması qalib gəlmişdir. Müdafiə nişanı düzəldilərkən hazırlanmış xüsusi texnologiya hər hansı fırıldaq imkanını aradan qaldıracaqdır, çünki holoqram qutudan qoparılarkən onun üstündə səciyyəvi iz qalacaqdır. Müvafiq nəzarət avadanlığı ilə təmin edilən laboratoriya əməkdaşları topdansatış anbarlarında vaxtaşırı yoxlamalar keçirəcəklər.
Səhiyyə Nazirliyinin nümayəndəsi laboratoriyanın fəaliyyətinin səmərəliyindən danışaraq demişdir ki, onun işə başladığı qısa müddət ərzində əməkdaşlar ümumi miqdarı 50 min vahid olan 22 seriyada keyfiyyətsiz dərman aşkar etmişlər. İctimaiyyətin məlumatlandırılması bu prosesdə böyük əhəmiyyətə malikdir. Bu məqsədlə xüsusi klip hazırlanmışdır. O, yaxın günlərdə telekanallarla göstəriləcəkdir.
Nazrilik bu və ya digər dərmanın qəbul edilməsi nəticəsində əmələ gələn fəsadların üzə çıxarılması üçün ölkənin bütün müalicə müəssisələrində sorğu keçirilməsini də bir vəzifə olaraq tapşırmışdır. Xəstənin və ya həkimin doldurduğu formulyar müvafiq araşdırma aparılması üçün mərkəzi nəzarət laboratoriyasına göndəriləcəkdir.