CƏMİYYƏT
FHN Bakı və Sumqayıtda qanunsuz tikintilərin qarşısını alıb VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Sabunçu rayonunun Nardaran, Kürdəxanı və Xəzər rayonunun Buzovna qəsəbələri ərazisində, eləcə də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.