CƏMİYYƏT
FHN-in əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb




Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 44 qurumdan 166 əməkdaş (120 kişi, 46 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in atıcılıq üzrə kişilərdən ibarət komandası üç nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, kişilər arasında fərdi yarışlarda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Şahin Məmmədov finalda 10 hədəfdən 9-nu dəqiqliklə nişan alaraq gümüş medalın sahibi olub. Komanda yarışlarında isə FHN-in komandası 28 xalla beşinci pillədə qərarlaşıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaş ilə görüşərək, qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.