FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı nazirliyin “İzotop” xüsusi kombinatında tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə çıxış edən “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov, mərkəzin rəisi Cahangir Qulamov və digər natiqlər xalqımızın başına gətirilən bu qanlı faciə haqqında fikirlərini bildirərək, 20 Yanvarda baş verənlərin ölkəmizin azadlıq tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç vaxt unudulmayacağını vurğulayıblar.
20 Yanvar faciəsi haqqında iştirakçılara ətraflı məlumat verən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxışında bu faciəyə ilk hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini qeyd edib. O, Qanlı Yanvar hadisələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə təsirli tədbirlər görüldüyünü bildirib.
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Sumqayıt Regional Mərkəzində də anım tədbiri keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev 1990-cı il 20 Yanvar hadisələrinə tarixi nəzər salıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov 20 Yanvar faciəsi haqqında geniş məlumat verib və qədirbilən Azərbaycan xalqının azadlıq və istiqlal qəhrəmanlarının xatirəsini hər zaman əziz tutacağını vurğulayıb.