CƏMİYYƏT
FHN: Mingəçevirdə bataqlıq ərazidə həyati təhlükə ilə üzləşən şəxs xilas edilibVİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Mingəçevir şəhərinin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.