FHN növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb
Bakı, 22 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın hadisəsinin Ağcabədi rayon sakinləri Rüstəmov Ruhin Vahid oğlu və Əliyev Həsən Xankişi oğlu tərəfindən qəsdən törədildiyi müəyyən olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Qeyd edək ki, avqustun əvvəlində Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 50 hektar ərazidə sahədə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.