FHN: Ötən sutka 35 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 34 halda yanğına çıxış və 1 yol-nəqliyyat hadisəsi üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən Qusar rayonunda “LADA” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.