FİDEL KASTRO 47 İLDƏ HAKİMİYYƏTİ İLK DƏFƏ OLARAQ QARDAŞINA VERDİ
Bi-Bi-Si qeyd edir ki, Kubada hakimiyyətin təhvil verilməsi ölkə sakinləri üçün ciddi sarsıntı ola bilər, çünki onların 70 faizi Fidel Kastronun dövründə dünyaya gəlmişdir. 79 yaşlı Kastro Kuba Respublikasının inqilabi hökumətinə başçılıq etdiyi vaxtdan, 1959-cu ilin fevralından hakimiyyətdədir. 75 yaşlı qardaşı Raul müdafiə naziridir.
“Novosti” agentliyinin xəbərinə görə, Kastronun katibi onun imzaladığı məktubu bazar ertəsi gecədən keçmiş Kuba televiziyası ilə oxumuşdur. Məktubda o, həmvətənlərinə bildirmişdir ki, onda cərrahi əməliyyat aparılıb və bir neçə həftə yataqda qalacaqdır. Əməliyyata səbəb bağırsağında baş verən qanaxmadır. Görünür, bu, Argentinaya və ölkəyə səfərlərdən sonra yaranmış streslə bağlıdır.
Kastro həmçinin bildirmişdir ki, onun 80 illiyi ilə əlaqədar avqustun 13-nə nəzərdə tutulan şənliklər dekabrın 2-nə keçirilmişdir. Həmin gün Kubada silahlı qüvvələrin 50 illiyi qeyd ediləcəkdir.
Kuba liderini müalicə edən həkim bu yaxınlarda demişdir ki, Kastro sapsağlamdır və 140 yaşınadək yaşaya bilər.