FİLARMONİYADA MƏŞHUR CAZMENLƏRİN KONSERTLƏRİ OLMUŞDUR
İsveç pianoçusu B.Stenson təkcə caz kompozisiyalarının müəllifi kimi deyil, həm də onların istedadlı ifaçısı kimi şöhrət qazanmışdır. O, öz yaradıcılığı barədə deyir: “Bu, elə uzun illər axtardığım musiqidir”. Həqiqətən, B.Stenson üçlüyünün və saksofonçu Rain Sultanovun ifa etdikləri caz kompozisiyası dinləyicilərin könlünü oxşamışdır.
Gənc pianoçu Şahin Növrəsli bir çox beynəlxalq musiqi festivallarının laureatıdır. O, bu festivalların hər birində Azərbaycanı və milli musiqimizi layiqincə təmsil etmişdir. Şahinin nyuyorklu dostları ilə Azərbaycanın gözəl xalq musiqisi nümunələri, habelə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun əsərləri mövzusunda təsirli caz kompozisiyası dinləyiciləri məftun etmişdir. Istedadlı pianoçunun konsertləri Rusiyada fəaliyyət göstərən “Buta” incəsənət mərkəzinin xüsusi layihəsi çərçivəsində təşkil olunur. Müstəqil “Buta” şirkətinin yaxın planlarına Moskvada Vaqif Mustafazadənin xatirəsinə Beynəlxalq caz festivalının, Rusiyanın ən yaxşı teatrlarının Bakıya qastrol səfərlərinin təşkili, Azərbaycan incəsənəti kataloqunun nəşri daxildir.
Sonda ənənəyə görə, Bakı Caz festivalının laureatlarına diplomlar, sponsorların hədiyyələri, habelə pərəstişkarlar adından gül dəstələri təqdim olunmuşdur.